Creation Science Information & Links!
Zəbur 1, 51, 100 & 150
Psalms 1 • 51 • 100 • 150 - in Azerbaijani (Azerbaijani; Azərbaycanca)
Zəbur 1

1) Pislərin məsləhəti ilə getməyən, Günahkarların yolunda dayanmayan, Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır! 2) O ancaq Rəbbin qanunundan zövq alar, Gecə-gündüz bu təlimatı dərin düşünər. 3) Axar sular kənarında əkilən ağac kimi Barını mövsümündə verər, Yarpağı solmaz, Etdiyi hər işdə uğur qazanar. 4) Pis adamlar belə deyil, Onlar ancaq yelin sovurduğu saman çöpünə bənzər. 5) Buna görə pis adamlar hökm günündə, Günahkarlar salehlərin məclisində dayana bilməz. 6) Çünki Rəbb salehlərin yolunu qoruyur, Pislərinsə yolu onları ölümə aparır.
 

Zəbur 51

Davudun Bat-Şeva ilə olan münasibətinə görə   Natan peyğəmbər onun yanına gəlib irad tutandan sonra.   1) Məhəbbətin naminə, ey Allah, mənə lütf et, Bol mərhəmətinə görə asiliklərimi sil. 2) Mənim bütün təqsirlərimi yu, Günahımdan təmizlə. 3) Çünki asiliklərimi bilirəm, Günahım daim gözümün qarşısındadır. 4) Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan. 5) Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram. 6) Sən isə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət. 7) Məni züfa ilə pak et, təmiz olum, Məni yu, qardan da ağ olum. 8) Mənə şadlıq, sevinc səsini eşitdir, Qırdığın sümüklərim xoşhallansın. 9) Üzünü tut, günahlarımı görmə, Bütün təqsirlərimi sil. 10) Ey Allah, məndə təmiz ürək yarat, Daxilimə yenidən sədaqət ruhunu ver. 11) Məni Öz hüzurundan atma, Müqəddəs Ruhunu məndən götürmə. 12) Xilasının sevincini mənə qaytar, İtaətkarlıq ruhu verib mənə dayaq ol. 13) Qoy Sənin yollarını asilərə öyrədim, Günahkarlar Sənə sarı dönsünlər. 14) Ey Allah, məni azad et, Qan tökmək təqsirindən məni qurtar, Dilim ədalətini mədh etsin. 15) Ey Xudavənd, Sən dilimi aç, Ağzımla Sənə olan həmdlərimi bəyan edim. 16) Sən qurbanlardan zövq almazsan, Yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan, 17) Allaha məqbul olan qurban etiraf ruhudur, Sən sınan və peşman olan ürəyə xor baxmazsan! 18) Lütfünlə Siona yaxşılıq et, Yerusəlimin divarlarını bərpa et. 19) Onda doğru yolla təqdim edilən qurbanlardan, Bütöv yandırma qurbanlarından zövq alarsan. O zaman qurbangahında buğalar qurban kəsilər.
 

Zəbur 100

1) Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin, 2) Sevinclə Rəbbə qulluq edin, Mədh oxuyaraq Onun hüzuruna gəlin! 3) Rəbb Allahdır, siz bunu bilin, O, bizi yaradıb, biz Ona aidik, Xalqıyıq, otlağında otardığı sürüyük. 4) Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, İsminə alqış söyləyin. 5) Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, Sədaqəti nəsillərdən-nəslə çatır!
 

Psalm 150

1) Rəbbə həmd edin! Müqəddəs məskənində Allaha həmd edin! Möhtəşəm göy qübbəsində Ona həmd edin! 2) Qüdrətli işləri üçün Ona həmd edin! Bol əzəmətinə görə Ona həmd edin! 3) Şeypur səsi ilə Ona həmd edin! Çənglə, lira ilə Ona həmd edin! 4) Dəflə, rəqslərlə Ona həmd edin! Sazla, tütəklə Ona həmd edin! 5) Xoş səsli sinclərlə Ona həmd edin! Cingildəyən sinclərlə Ona həmd edin! 6) Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin! Rəbbə həmd edin! --
 


Zəbur 1 • 51 • 100 • 150
http://www.creationism.org/azerbaijani/saPs1_51_100_az.htm

Ana Səhifə:  Azeri
www.creationism.org